Mən gəldim!#
Öncəliklə, özümü bu bəndləri daimi izləyən bütün bekardaş-larımın (max 3 nəfər) adından salamlayıram. Xoş gəldiyimi düşünür və hətta iddia edirəm.
Fəxarət hissi ilə bildirmək istəyirəm ki, mən də sizlər kimi bekaram. Hər birinizin bildiyi kimi, ulu redaktorlarımızın bizə qoyduğu ən böyük miras olan Sərgüzəşti-Bekar tarixin tozlu səhifələrinə qarışıb. Təklifim odur ki, bu cümləni hər dəfə oxuyanda onu bir neçə (bir yox) dəqiqəlik sükutla yad edək.
Baş redaktorumuzun da bildirdiyi kimi, artıq dövr və fikirlər müəyyən qədər dəyişib. Müsbət yöndəmi? Buna artıq zaman qərar verəcək.
İndi isə bura necə gəldiyimə baxaq ki, gələcək nəsillərə də örnək olsun. Təsadüfən yeni layihə olan Məşğuliyyətnamə-dəki bəndlərə nəzər saldıqda, içimdəki o bekarlıq atəşi mənə dedi ki:
“Ey bekar, sən də onlardan biri deyilsənmi? Öz bekardaşlarını bu keşməkeşli yolda təkmi qoyacaqsan? Bu sənə yaraşmaz.”
Və beləliklə mən artıq burdayam. Bəli, düz oxudunuz — artıq yeni redaktorunuz var.
Bu, yeni bir ideya, yeni bir baxış bucağı deməkdir. Sizləri təbrik edirəm — artıq oturub dəqiqələrlə tavana baxıb existential sancılar çəkərək öz masochistic ruhunuzu doyurmaq üçün daha çox səbəbiniz olacaq.
Eyni zamanda qeyd etmək istəyirəm ki, mənim sizə verəcəyim səbəblərlə beyninizin suallar altında qalması mənim qətiyyən vecimə deyil. Mən sadəcə əzab verməyi sevirəm, bəli. Gördüyünüz kimi, çox səmimiyəm.
Əgər beyninizdə hər hansısa sual yaranarsa,yaxşı olar ki, elə orda da qalsın. Çünki bu tip sualların cavabı özlüyündə daha çox sual yaradır və get-gedə daha çox. Boğulmaq yaxşı şey deyil.
Ona görə də oxuyun, gülün və keçin. Həyat hər halda gözəldir və yaşamağa dəyər.
Bekardaş — Azərbaycan dilində -daş şəkilçisi ortaq xüsusiyyət, bərabərlik, yaxınlıq və ya birlik bildirən leksik şəkilçidir.
Bu şəkilçidən istifadə edərək, bizləri bir çətir altında birləşdirən və ortaq xüsusiyyətimiz olan bekarlığı təcəssüm etdirən yeni söz yaratdım.