Tanrıların insanlığa ərmağan etdiyi möcüzə bitki yoxsa narkotik maddə?#

Niyə bu mövzunu seçdim: Səbəbi çox sadədir. Baş redaktorumuz bir bənddə qeyd etmişdi ki, “Bu layihəni GitHub-da forklayıb, öz bəndinizi yazıb, PR aça bilərsiniz. Layihəniz mənim şəxsi maraqlarım doğrultusunda maraq oyadacaqsa qəbul edəcəm.”. Mən də onun şəxsi maraqlarına ən uyğun olan mövzu ilə başlamaq istədim.

Bəli, mövzumuz hər kəsin bildiyi çətənədir. Çoxumuzun adı çəkiləndə güldüyü, bəzilərimizin kabusu, bəzilərimizin isə həyatdan qaçmaq istəyəndə üz tutduğu həzz. Çətənə deyiləndə insanın ağlına ilk nə gəlir? Narkotik! Bəs illərdir dünyada əkilməsi qadağan olunan çətənə əslində sadəcə narkotik maddədir mi? Və ya həqiqətən tərkibində narkotik birləşmələr olduğu üçünmü kapitalist sistem tərəfindən qadağan edilib? Üstəlik, həmin kapitalist güclərin tarix boyu qlobal narkotik şəbəkəsini yönləndirənlər olduğunu nəzərə alsaq, bu qadağanın səmimiyyətinə nə dərəcədə inanmalıyıq?

Məncə ən az Linkedln mesajları qədər səmimidirlər. İndi isə kapitalist mənfəət güdənlərin məhz çətənə nümunəsində ortaya çıxardığı ziddiyyətlərə; çətənənin tarixinə, istifadə sahələrinə, niyə qadağan edildiyinə və bu gün niyə yenidən yetişdirilməsi məsələsinin gündəmə gəldiyinə nəzər salaq.

Latınca “kannabis” kimi tanınan çətənə Qərbdə “cannabis”, Asiya və Afrikada isə “kenevir, həşiş, ot, esrar, bhank, bang” kimi adlarla tanınır. Təxminən 4–5 metrə qədər uzanan, yarpaqları barmaqvari olan bu bitki insanlığın min illərdir becərdiyi ən qədim birillik odunsu bitkilərdəndir və təxminən 10 min illik evcilləşmə tarixinə malikdir.

Çətənədən əldə olunan maddələr tarix boyu müxtəlif psixoloji və fiziki xəstəliklərin müalicəsində istifadə olunmuş, qədim hind və fars (baş redaktorumuz sırf bu sözə görə məni redaksiyaya qəbul etməyə bilər) mətnlərində onun təsirindən bəhs edilmişdir. Bəzi Asiya cəmiyyətlərində isə çətənə müqəddəs bitkilərdən biri sayılırdı. Ondan istifadə etdikdə şüurlarının açıldığını və tanrıya daha çox yaxınlaşdıqlarını iddia edirdilər.

Qədim Roma, Misir və Çin sivilizasiyalarında çətənədən dərman, kağız, qida və parça hazırlanırdı. Parça istehsalında pambıqdan daha dayanıqlı olan çətənə, pambıqdan fərqli olaraq daha az suya ehtiyac duyur və eyni zamanda 3 ay kimi qısa bir müddətdə biçinə hazır olurdu. Becərildiyi yerə zərərli həşəratları yaxın qoymadığı üçün günümüzdə istifadə olunan, insanları və təbiəti zəhərləyən kimyəvi maddələrə ehtiyac qalmırdı. Çətənənin duzlu suya olan yüksək dayanıqlılığı səbəbi ilə bir vaxtlar dünyanı kəşf etməyimizə kömək olan gəmilərin əsas kəndirləri və yelkənləri belə onun liflərindən hazırlanırdı.

Kağız istehsalına gəldikdə isə, çətənə liflərindən hazırlanan kağız ağacdan hazırlanan kağızdan qat-qat dayanıqlı idi. Ona görə də həmin dövrdə yazılan kitablar və yazılar günümüzə sağlam şəkildə gəlib çata bilmişdir. Hətta məşhur rəssamlar çətənə lifindən hazırlanmış kətan üzərində rəsmlər çəkmişlər. Çətənə geridönüşüm sayəsində 8 dəfə kağıza çevrilə bildiyi halda, ağac sadəcə 3 dəfə çevrilə bilir. Belə bir müqayisə də etmək istəyirəm ki, X sahəyə malik eyni bir ərazidə ağac yerinə çətənə əkilsə oksigen istehsalı 25 dəfə daha çox olar. Çətənə havadakı metan qazını külli miqdarda əmərək qlobal isinmənin də qarşısını alır.

Çətənə yarpağı yüksək miqdarda protein, omega-3, omega-6 və omega-9 ilə zəngindir. Əvvəllər heyvandarlıqda çətənədən istifadə olunurdu. Onunla qidalanan heyvanların günümüzdəki kimi zərərli antibiotiklərə ehtiyacı yox idi. Onlar düzgün və tam sağlam formada böyüyürdülər. (indi olmasa da)

1 kq çətənə toxumundan 200 qr saf yağ alınır. Bu yağ o qədər zəngin mineral tərkibinə malikdir ki, onu super qida adlandırsaq yanılmarıq. Ən qəribəsi isə odur ki, eyni yağı qida kimi istifadə etməklə yanaşı avtomobil üçün yanacaq olaraq da istifadə etmək mümkündür. Hətta 1941-ci ildə Henry Ford çətənə kompozit maddələrdən istifadə edərək çətənə yağı etanolu ilə işləyən avtomobil istehsal etmişdir.

Çətənə plastikə alternativ olub, təbiətdə daha tez parçalanır və zərərsizdir. Həmçinin torpağı radioaktiv maddələrdən təmizləmək qabiliyyətinə malikdir. Çernobil fəlakəti sonrası bu məqsədlə istifadə olunmuşdur.

İndi isə gələk dərman sənayesinə. Çətənənin tərkibində təxminən 460 kimyəvi maddə vardır. Bunların 60-dan çoxu kannabinoidlər adı altında qruplaşdırılır. Çətənənin əsas təsiredici maddələri CBD (Kannabidiol) və THC (Tetrahidrokannabinol) adlı kannabinoidlərdir. Araşdırmalar onu göstərir ki, bu maddələr heç də deyildiyi kimi sinir sistemini korlamır. Kannabinoid növlərindən biri olan THC ağrıkəsici təsirə malikdir və qana qarışdıqda sinirləri rahatladır. Aparılan tədqiqatlar göstərir ki, THC və CBD maddələri AIDS xəstəliyində, xərçəng müalicəsində kimyaterapiya və radioterapiyanın mənfi təsirlərini azaltmaqda, həmçinin müalicə zamanı ürəkbulanma və qusmanın qarşısını almaqda istifadə olunur. Kannabinoidlər revmatizm, ürək xəstəlikləri, epilepsiya, asma (bu yaxınlarda olacam), mədə xəstəlikləri, yuxusuzluq (məndir), psixoloji problemlər (yenə mən) və onurğa xəstəlikləri daxil olmaqla ən azı 250 xəstəlikdə istifadə oluna bilər. Lakin günümüzdə dərman sənayesi çətənənin molekullarının kopyası adlandıra biləcəyimiz sintetik qarışıqlarda ibarət olan marinol və dronabinol kimi dərmanları insanlara satır. Bu dərmanlar ciddi əks təsirlərə malikdir. Onlarla aparılan müalicələrin uğurlu olma faizi 55-60 % arasıdır. Amma çətənə yarpağının öz molekulları ilə hazırlanmış dərmanlarda bu göstərici 91%-in üzərindədir.

Burda biz bekarların beyninə bir sual gəlir. Bəs necə oldu ki, neft-kimyadan farmakologiyaya, kənd təsərrüfatından inşaat sektoruna qədər hər yerdə istifadə oluna biləcək bu möcüzəvi bitki artıq həyatımızın bir parçası deyil?

Bəli iş yenə gedib şeytanın bilmirəm neçənci övladı olan John D. Rockefeller-ə çıxır. Çətənənin bu potensialını görən Rockefeller narahat olur. Bilirsiniz niyə? Təbii ki bilmirsiniz (hehehe). İndi biləcəksiz. Həmin bu Rockefeller 1910-cu illərdə bayaqdan yuxarıda saydığım neft-kimya, farmakologiya, kənd təsərrüfatı və sənayenin bir çox sahəsində yatırımlar edirdi. Və onun kimi şeytanın digər övladları olan kağız, neylon sənayesinin və medyanın imparatorları William Randolph Hearst və Dupontla mənfəətçi əlaqələri vardı. İnsanları heçə sayaraq öz çirkin əməllərini yerinə yetirmək üçün bir plan qurdular. Öz güclərini və medianın gücünü istifadə edərək bu bitkini insanların həyatından çıxarmaq.

20-ci əsrin əvvəllərində çətənəyə qarşı ilk böyük qaralama kampaniyası başladı. Media maqnatı öz qəzetlərində çətənəni “təhlükəli narkotik” kimi təqdim edirdi. 1914-cü ildə Kaliforniyada çətənə qısa müddətlik qadağan edildi. 1920-ci illərdə “marihuana” termini ortaya atıldı və məqsədli şəkildə çətənə ilə eyniləşdirildi. Ana maddələri eyni olsa da, çətənədə THC miqdarı 0.3 faizdən az idi, marixuanda isə bu 35-40 faiz idi. Çətənədəki miqdar ziyan deyil, tam əksinə insanın ruh halı və yaradıcı düşünməsi üçün faydalı idi. Amma bu gözəl insanların məqsədi onu marixuana ilə eyniləşdirib aradan götürmək idi. Qəzetlərdə sensasiyalı və əsassız xəbərlər yayılır, cəmiyyətdə qorxu yaradılırdı.

ABŞ Narkotik Bürosunun rəhbəri Harry J. Anslinger mediadan istifadə edərək çətənə zorakılıq və cinayətlə əlaqələndirirdi. 1930-cu illərdə çəkilən filmlər:

  • “Reefer Madness”
  • “Marihuana: The Devil’s Weed”

bu qorxu atmosferini daha da gücləndirirdi və beləliklə zamanla gözəl olan hər şey kimi onu da itirdik.

Amma son illərdə qanunlarda yaranan boşluqlar köməyi ilə bu mövzuda bir çox tədqiqatlar aparılmışdır. Artıq böyük qurumlar da reallığın fərqinə varır və bu möcüzəvi bitkini insanların həyatından çıxarmağın yanlış bir addım olduğunu qəbul edir. (yalansa) Artıq dövran dönür və çətənə bitkisi yavaş-yavaş öz faydaları ilə həyatımıza qayıdır. (səhv başa düşün)

NƏTİCƏ: Bu günkü bekar bəndimizdən o qərara gəldik ki, dünyanı massonlar idarə eliyir. Eyni zamanda bu nəticəyə də gəldik ki, “3 şey əsla gizli qala bilməz: Günəş, Ay və həqiqət.” Bekarlığınıza görə minnətdaram.

XƏBƏRDARLIQ: Əziz oxuyucu(lar?), burda oxuduqlarınız bekar bir beynin məhsuludur. Sizdən xahiş yox, tələb edirəm ki, yazılanları oxuyub, tırkaya gedib evdə çətənə əkməyəsiniz. Əks halda yaxşı şeylər olmaya bilər. Eyni zamanda tutulanlara görə məsuliyyət daşımaqdan işıq sürəti ilə boyun qaçırıram. Çətənə əkməyin!!!! Burda redaktorunuzun (yəni mənim) illərdir dostlarına məsləhət verərkən istifadə etdiyi müdrik bir kəlamı sizlərlə bölüşmək istəyirəm: “Sən dediyimi elə, amma elədiyimi eləmə.”

Fəlsəfi mövzumuz başa çatdı, sizinlə mən idim….